top of page
Leyla Rustamova

Startap akseleratorlar: Startapınız akselerasiyaya qəbul olmağa hazırdırmı?

Updated: Sep 21, 2022

Ötən bloqumuzda biznes inkubatorlarla startap akseleratorların nə olduğu və onların arasındakı fərqi izah etdik. Xülasə, startap ideyanın ilkin mərhələsində biznes inkubatorlar ideyanın formalaşıb inkişaf etməsində kömək edir. Bəs startap akseleratorlar biznesinizə hansı mərhələdə yardımçı ola bilərlər? Gəlin baxaq.


Adətən startap akselerasiya mərkəzləri artıq formalaşmış ideyası və bazarda hazır işləyən məhsulu olan startaplara fokuslanır. Akseleratorlar startapları daha da inkişaf etdirib vençur fondlarından yatırım almağa hazırlaşdırdığı üçün adətən formalaşmış komandası və bazarda işləyən minimum mümkün məhsul (MVP) prototipi olan startapları axtarırlar. MVP-nin daha da inkişaf edib bazarda daha işlək məhsula çevrilməsi üçün akseleratorlar startaplara professional mentor dəstəyi, ofis xidməti, leqal, marketinq, maliyyə dəstəkləri, investorlar və ekspertlər şəbəkəsinə çıxış təmin edir. Həmçinin MVP-nin daha da inkişaf etməsi üçün toxum yatırım ilə startapları təmin edirlər. Qeyd edək ki, inkubasiya proqramlarından fərqli olaraq akselerasiya proqramları 3-6 ay müddətində davam edir.


Əgər startapınızın inkişafı üçün akseleratora müraciət etmək istəyirsinizsə, aşağıdakı sualları gözdən keçirməlisiniz:


1. Minimum Yaşam Qabiliyyətli Məhsulunuz varmı? – Akseleratorlar inkubatorlardan fərqli olaraq startapları toxum investisiya ilə təmin edirlər. Təbii ki, bunun üçün ideyadan daha artıq bir göstərici olmalıdır ki, bu da bazara çıxan minimal məhsul prototipi sayılan MVP olmalıdır. Bəzən startap akselerasiya mərkəzləri çox sadə MVP-lər qəbul edə bilirlər.


2. Formalaşmış müştəri profiliniz varmı? Akseleratora qəbul olarkən formalaşmış müştəri profilinizin olmağı, ən azından hansı tip müştərilərlə satış edəcəyinizi bilməniz üstünlükdür.


3. Startapınızın inkişafı nə qədər sürətlidir? – Əgər startapınızın müştəri bazası və işçi sayı böyüyürsə və ya tez böyümə potensialı varsa, o zaman akseleratora qəbul olmaq şansınız artır.


Təbii ki akselerasiya mərkəzlərinin qəbul şərtləri və prosesi bir-birindən fərqli olur. Buna görə də müraciət etməzdən əvvəl akselerasiya mərkəzi haqqında araşdırma edərək onun sizin startapınızın inkişafına nələr qatacağını öncədən öyrənməlisiniz. Bəs startap akseleratoru hansı meyarlara görə seçməli?


1. Sosial status. Akseleratordan hansı startaplar məzun olub? Həmən startaplar indi hansı yerdədir? Startaplar akselerasiyada olduqları müddətdə onun dəstəyi ilə nəqədər yatırım cəlb edə biliblər?


2. Əlaqələr və şəbəkə. Akseleratorun sizə təklif etdiyi şəbəkədə kimlər yer alır?


3. Sahə. Akselerator startapları qəbul edərkən müəyyən sahə tələbi qoyurmu? Əgər qoyursa, hansı sahədən olan startapları özünə cəlb edir?


Yuxarıdakı sualların cavabını taparaq akseleratorun sizin startapınız üçün nə qədər faydalı olacağını təyin edə bilərsiniz. Bəs siz akseleratora hansı göstəricilərinizlə fayda qatacaqsınız? Gəlin baxaq.


1. Formalaşmış komanda. Startapların uğursuzluq səbəbləri arasında ən böyük pay komandanın düzgün qurulmamasına düşür. Buna görə də formalaşmış və üzvləri arasında düzgün kommunikasiya təmin olunmuş komanda olmanız akselerasiyada iştirak etməniz üçün vacib məsələdir.


2. Yığcam rəqabət üstünlüyü. Akseleratorlar ortalama 1000-dən çox müraciət nəzərdən keçirirlər. Əgər siz rəqabət üstünlüyünüzü və dəyər təklifinizi 2 cümlə ilə və real data ilə ifadə edə bilirsinizsə, akselerator üçün ideal namizədə çevrilə bilərsiniz.


3. MVP və real müştərilər. Müştəri profili və minimal məhsul prototipiniz olmadan akselerasiya mərkəzinə müraciət etsəniz, böyük ehtimalla akselerasiyaya qəbul şansınızı azaltmış olacaqsınız.


4. Şəbəkə və icma. Akseleratora qoşulmazdan əvvəl müəyyən qədər şəbəkə qura bilmisinizsə, bu sizin üçün böyük bir üstünlüyə çevrilə bilər.


İndi isə akseleratora qoşulduqdan sonra fikir verməli olduğunuz məsələlərə nəzər salaq:


1. Öyrənməyə və rəylərə hər zaman açıq olun. Akseleratorlar onlara qoşulan startap komandalar üçün daima vörkşoplar və seminarlar təşkil edir. Nə qədər çox seminar və təlimə qatılsanız, bir o qədər proqram ərzində bilikləriniz artmış olacaq.


2. Biznes modelinizin üzərində daima işləyin. Təbii ki biznes modelin akselerasiyadan əvvəl və sonrakı halları olmalıdır. Proqram ərzində sizin inkişafınızı ölçən əsas meyarlardan biri məhz budur. Bunun üçün də daima biznes modelinizin üzərində işləyib onu mümkün qədər innovativ və yatırıma yönümlü hala gətirin. Akselerasiyada olduğunuz müddətdə akselerasiya mərkəzi “Demo Day” və İnvestisiya Günləri təşkil edir və sizi investorlar və vençur fondları qarşısına çıxarır. Bunun üçün də biznes modelinizi inkişaf etdirmək vacib şərtdir.


Comments


bottom of page